• menu
  • AZƏRBAYCANDA FƏALİYYƏTİ Məhəmməd Əmin Rəsulzadənin atası axund Hacı Ələkbər dindar olmasına baxmayaraq müasir fikirlərə sahib insan idi və oğlunun yüksək təhsil almasında maraqlı idi. M.Ə.Rəsulzadə ilk təhsilini Sultan Məcid Qənizadənin müdirlik etdiyi “İkinci Rus-Tatar məktəbi”ndə aldıqdan sonra “Bakı-Texniki məktəb”ə daxil olmuşdur. Burada bir qədər oxuduqdan sonra təhsilini yarımçıq qoyub, bütün fəaliyyətini siyasətə yönəltmişdir. Hətta ona bu siyasi işlərdən uzaqlaşmağı təlqin edənlərə sonradan belə məzmunda bir şer də yazmışdı:

    Çəkilməm ey hərifan mən,
    Bu meydani siyasətdən.
    Bütün dünya mənə derkən
    Çəkil bir yanə, sakitləş!

    1902-1903-cü illərdə M.Ə.Rəsulzadə üzvləri müxtəlif rus litseylərində və digər orta məktəblərdə oxuyan azərbaycanlı türk tələbələrindən ibarət gizli bir dərnək yaratmışdı. Dərnəyin fəaliyyəti haqqında M.Ə.Rəsulzadə yazırdı: “Bu dərnək mənsublarının milli hisslərini təhrik etmək, rus məktəblərində oxudulmayan türkləri öz-özünə irəlilətmək, yerli ədiblərin əsərlərini oxumaq, çarlıq əleyhinə yazılmış ixtilal şerlərini əzbərləmək və arada-sırada mətbəə üsulu ilə basılmış bəyannamələr dağıtmaq, işçilər arasına gedərək hürriyyət və inqilab fikirlərini bunların arasında sistemli surətdə yaymaq kimi fəaliyyətlər də olurdu”. 

     

     

    M.Ə. Rəsulzadə 1905-ci ildə 

    Bundan əlavə gənc yaşlarında Rəsulzadə bir sıra digər içtimai-siyasi yönülü qurumlarda fəaliyyət göstərirdi. Belə cəmiyyətlər sırasında “Nicat”, "Maarif Cəmiyyəti”, “Bakı Cəmiyyəti Xeyriyyəsi” və “Nəşri-Maarif Cəmiyyəti” vardı. M.Ə.Rəsulzadənin yaratdığı dərnək “Müsəlman Gənclik Təşkilatı” adı altında müəyyən fəaliyyət göstərdikdən sonra Rusiya hökumətindən milli mədəni hüquqlar almaq ümidində idi. Onlar “çarizmə qarşı mübarizədə inqilabçı sosializmi ən sadiq olmasa da, ən münasib bir müttəfiq olaraq gördüyündən” sosial-demokratlarla yaxın iş birliyinə keçmişdilər.

    "Nicat" Cəmiyyətinin təşkilaçılığı ilə çağrılmış Azərbaycan müəllimlərinin II qurultayı, Bakı, 25 avqust 1907-ci il.
    Yuxarı sırada, soldan: Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Ələkbər Sabir, İsmayıl bəy Hüseynzadə;
    Orta sırada, soldan: 2-ci Əliağa Həsənov, 4-cü Mahmud bəy Mahmudbəyov, 5-ci Məmmədəli bəy Səlimbəyov, 6-cı Həsən bəy Ağayev, 7-ci Əli bəy Hüseynzadə;
    Aşağı sırada, soldan: 2-ci Əlisgəndər Cəfərzadə, 3-cü Fərhad Ağazadə, 4-cü Üzeyir bəy Hacıbəyov, 5-ci Süleyman Sani Axundov, 7-ci Abdulla Şaiq, 8-ci Əlicabbar Orucəliyev, 9-cu Abdulla bəy Divanbəyoğlu;
    Öndə, soldan: Məhəmməd Əmin Rəsulzadə və Əsədulla Axundov

    M.Ə.Rəsulzadənin o zaman yaratdığı “Müsəlman Gənclik Təşkilatı”nın təşviqat-təbliğat işində “Hümmət” qəzeti mühüm rol oynamışdı. Qeyd edək ki, azərbaycanlı fəhlələri geniş dairədə inqilabi mübarizəyə cəlb etmək məqsədilə 1904-cü ilin axırlarında RSDFP-nin Bakı Komitəsi nəzdində “Müsəlman sosial-demokrat “Hümmət” qrupu yaradıldı. “Hümmət”in baniləri arasında M.Ə.Rəsulzadə, N.Nərimanov, M.Əzizbəyov, M.H.Mövsümov, M.H.Hacınski və başqaları vardı. 1904-cü ilin axırlarından 1905-ci ilin fevralınadək bir neçə yüz nüsxə tirajla nəşr edilən qəzetin 5-6 sayı çıxmış, 1917-ci ilin iyulun 3-dən isə N.Nərimanovun redaktorluğu ilə bu mətbu orqan yenidən nəşrə başlamışdı. M.Ə.Rəsulzadə “Hümmət”in Qafqazda türk (Azərbaycan) mətbuatı arasında ilk partiya orqanı olduğunu göstərmişdir.

    “Hümmət”in həmin illərdə nəşr olunmuş nüsxələrindən yalnız birində - 3-cü sayında (1905-ci il) M.Ə.Rəsulzadənin bir məqaləsi hələlik tapılmışdır. Həmin məqalə 1917-ci ildə “Açıq söz” qəzetinin 5 iyul tarixli sayında (№513) çap edilmişdir (3, №513, 1917).


    "Hümmət" təşkilatının baniləri
    (sağdan Məhəmməd Əmin Rəsulzadə, Əsədulla Axundov, Əjdər Məlikov, Məşədi Əzizbəyov)

    Müsavat Partiyasının yaradıcılarından olan Abbasqulu Kazımzadə, Kərbalayı Mikayılzadə də “Hümmət” təşkilatının keçmiş üzvlərindən idi. “Hümmət” Bakı partiya təşkilatının ayrılmaz tərkib hissəsi idi və Bakı Bolşevik Komitəsinin azərbaycanlı fəhlələr arasında işləyən şöbəsi hüququ ilə fəaliyyət göstərirdi. S.M.Əfəndiyev yazırdı: “Bizim partiyamız “Hümmət” məsələsində öz əsas prinsipinə, yəni partiyanın və fəhlə hərəkatının vahid və bölünməz olması prinsipinə sadiq qaldı”. Lakin az keçməmiş 1905-ci ildə Rusiyada başlanan Birinci Rusiya İnqilabından sonra M.Ə.Rəsulzadə və silahdaşları bolşeviklərin məram və məqsədlərindən Azərbaycana heç bir fayda olmayacağını başa düşüb onlardan uzaqlaşdılar. 1907-ci ildə “Hümmət”in bağlanmasına qərar verildi. Bu dövrdə mətbuat geniş vüsət alır, inkişaf edir, ictimai-siyasi fikrin təşəkkülünə təkan verirdi. Mətbuata maraq həm də milli mənliyin dərk edilməsində oynadığı mühüm əhəmiyyəti ilə bağlı idi. Elə həmin illərdə M.Ə.Rəsulzadənin ilk mətbu yazısı 1903-cü ildə Tiflisdə çıxan “Şərqi Rus” qəzetində çap olundu. “Bakıdan məktub” başlığı altında nəşr edilən bu məqalədə M.Ə.Rəsulzadə elmin, təhsilin, məktəbin vacibliyinə toxunaraq yazırdı: “Qafqaz Müsəlman əhalisindən ümumi və Bakı əhlindən xüsusi təvəqqe edirəm ki, öz uşaqlarından balaca olan vaxtda elm və tərbiyə kəsb etməkdən başqa bir şey mənzur (məqsəd, niyyət) tutmasınlar. Məsələn, hər kəsin ki, qüvvəsi çatır uşağını məktəbə qoymağa, məbada-məbada palçıxçı, dükan şagirdi və qeyrə və qeyrəyə razı olsun”.

    Mövcud mühitə, rus istibdad rejiminə qarşı mübarizəsi baxımından M.Ə.Rəsulzadənin ilkin dövr fəaliyyətini və mətbu yazılarını öyrənmək əhəmiyyətlidir. “Şərqi Rus”, “Hümmət”, “Dəvət Qoç”, “Təkamül”, “İrşad” və digər mətbuat orqanlarında M.Ə.Rəsulzadənin mövcud rejim əleyhinə onlarla yazısı çap olunub. 1909-1913-cü illərdə isə M.Ə.Rəsulzadə İranda, Türkiyədə olub, orada geniş fəaliyyət göstərib. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə bağlı verilən əfvi-ümumidən (ümumi bağışlamadan) sonra M.Ə.Rəsulzadə Bakıya qayıtdı. 

    Qeyd edək ki, bu dövrdə artıq Bakıda “Müsavat” Partiyası qurulmuş və çar hökuməti əleyhinə ciddi mübarizə aparılırdı. M.Ə.Rəsulzadə Bakıya qayıtdıqdan sonra “Partiyanın rəhbərliyinə keçərək, onun proqramını yeni siyasi şəraitə uyğun şəkildə işləyib hazırladı, partiyanı türkislam sintezini əsas tutan türkçü bir quruluş halına gətirdi”. Qeyd edək ki, “Müsavat” Partiyasının əsası 1911-ci ilin oktyabr ayında Məhəmməd Əli Rəsuloğlu, Abbasqulu Kazımzadə və Tağı Nağıoğlu tərəfindən qoyulmuşdu. O zaman Türkiyədə yaşamaq məcburiyyətində olan M.Ə.Rəsulzadə əqidə dostlarına göndərdiyi məktublarda belə bir təşkilatın qurulmasının vacibliyini bildirirdi. 1913-cü ildə Bakıya qayıtdıqdan sonra o, partiyanın fəaliyyətinə yeni istiqamət verdi, təşkilatın əsas ideoloqu oldu. Bu illərdə M.Ə.Rəsulzadə ciddi siyasi iş aparır, o dövrdə hökumət tərəfindən fəaliyyətinə icazə verilən bəzi xeyriyyə və maarifçilik məqsədi daşıyan cəmiyyətlərə təsirini artırmağa çalışırdı. Bu dövrdə M.Ə.Rəsulzadənin “Dirilik” jurnalında çap edilmiş məqalələri ictimai əhəmiyyəti baxımından da diqqəti daha çox cəlb edirdi. Məqalələrdə milli dirçəlişin yolları ətraflı şəkildə araşdırılmış, mövcud siyasi quruluşun imkanları çərçivəsində izah edilmişdi. M.Ə.Rəsulzadə milli-azadlıq ideyasını dünya mədəniyyəti baxımından əsaslandırırdı. Göstərirdi ki, dünya mədəniyyətinin zənginliyi üçün ayrı-ayrı millətlər siyasi cəhətdən azad yaşamalı, biri digərinə təzyiq etməməlidir. M.Ə.Rəsulzadə sosial tərəqqini maddi və mənəvi olmaqla iki yerə bölürdü. Bununla da o, mənəvi tərəqqi anlayışını milli özünüdərkin zirvəsi olan milli istiqlal fikri ilə eyniləşdirirdi. Bu mənada o, mənəviyyatın zəngin olmasını və milli şüurun yetkinləşməsi vacibliyini əsas götürürdü. Bununla bağlı o, yazırdı: “Əcələ bir surətdə maddətən tərəqqi edib də mənəviyyatca məhrum qalmaqdansa, maddətən gec tərəqqi edib, mənəviyyatca müstəqil qalmağı tərcih edərəm, çünki milliyyətində, bəşəriyyətin də faidəsi (faydası) bundadır”.

    M.Ə.Rəsulzadənin sonrakı ictimai-siyasi, publisist fəaliyyətində “İqbal”, “Yeni İqbal” və “Açıq söz” qəzetinin böyük əhəmiyyəti olmuşdu. “Açıq söz” qəzeti 1915-ci ilin oktyabr ayının 2-də həftənin beşinci günü Bakıda nəşrə başlamışdı. M.Ə.Rəsulzadənin başçılıq etdiyi qəzetin adının altında yazılmışdı: “Siyasi-ictimai və ədəbi Türk qəzetəsi”. Çap olunduğu yer: Nikolayevski küçəsi, M.Ələkbərovun mətbəəsi, poçt №357.

    Bu qəzet haqqında M.Ə.Rəsulzadə yazırdı: “Açıq söz” ilk dəfə olaraq o vaxta qədər Qafqaziya müsəlmanı və yaxud tatar deyilən xəlqin türk olduğunu sərahət və israrla meydana atmış və bu xüsusda hərb senzoru ilə mübarizə etmək zərurətində qalmışdı”. Qəzetin baş məqaləsi “Tutacağımız yol” adlanırdı. Müəllifi M.Ə.Rəsulzadə olan bu yazıda mühüm bir problem açıqlanırdı: “Dəhşətlərinə şahid olduğumuz bu yol bir həqiqəti-əsrimizin milliyyət əsri olduğunu isbat etdi. “Dünyanın xəritəsi hərbdə dəyişəcək” – deyə heyrətlə qarışıq bir cümlə indi bir çox ağızlardan eşidilməkdədir”. Qeyd edək ki, “Açıq söz” qəzeti xalqın ehtiyaclarından yazır, işıqlı fikirlər yayırdı. 1915-ci ilin oktyabr ayında qəzetin saylarının birində M.Ə.Rəsulzadənin “Bizim ehtiyaclarımız” məqaləsi çap olundu. Məqalədə xalqın bir çox tələblərinin hazırkı şəraitdə vacibliyi göstərilirdi:

    1. Aşağı sinifli məktəblərin açılıb milliləşdirilməsi.

    2. Ruhani akademiyasının açılması.

    3. Müsəlmanların hüquqlarının qaytarılması və s.

    M.Ə.Rəsulzadə “Açıq söz” qəzetindəki məqalələrində yalnız Azəri türkünün deyil, ümumən çar imperiyasının əsarətində əzab çəkən türklərin vəziyyətini açıqlayırdı.

    Türkləri cəsarət və əzmlə haqq işləri uğrunda mübarizəyə çağırırdı. Məqalələrinin birində isə o, Türküstanın əlli ilə yaxın müddətdə hüquqsuz hala düşməyinin səbəblərini açıqlayırdı. Qeyd edək ki, 1917-ci ilin 27 fevralında Rusiyada Fevral Burjua inqilabının baş verməsi Azərbaycandakı ictimai-siyasi proseslərə ciddi təsir göstərdi. Fevral inqilabından sonrakı ilk günlərdə Azərbaycanda fəaliyyət göstərən təşkilatların mərkəzləşməsinə ehtiyac duyulurdu və bu məqsədlə 1917-ci ilin martın 29-da Bakı Müsəlman ictimai təşkilatlarının Müvəqqəti Komitəsi yaradıldı. Müvəqqəti Komitənin sədri M.H.Hacınski, onun müavini isə M.Ə.Rəsulzadə seçildi. Müvəqqəti Komitə “bütün şəxsi incikliyi unudub milli – siyasi şüarlar ətrafında” birləşməyi və Ümummüsəlman Qurultayı çağırılmasını vacib saydı. Qurultayın açılışı ərəfəsində “Açıq söz” qəzeti yazırdı ki, bu qurultay Qafqaz müsəlmanlarının siyasi və milli mədəni inkişafında mühüm rol oynayacaq. 1917-ci ilin aprelin 15-dən 20-dək Qafqaz müsəlmanlarının Qurultayı keçirildi. Qurultayda mövcud şərait təhlil olundu. Ölkənin siyasi vəziyyətinə həsr edilmiş əsas məruzəni M.Ə.Rəsulzadə etdi. Məruzənin əsasında federativ demokratik respublika ideyası dayanırdı. Məruzəçi Rusiyadakı milli qruplara azad özünütəyinetmə hüquqlarının verilməsini tələb edirdi. M.Ə.Rəsulzadə bildirirdi ki, bu qayda ilə Rusiyanın ayrı-ayrı xalqları sonradan milli-ərazi muxtariyyəti prinsipləri əsasında İttifaq dövləti yarada bilərlər.
    Sözügedən məruzə Rusiyadakı müsəlmanların 1917-ci ilin mayın 1-dən 11-dək Moskvada keçirilən Birinci Ümumrusiya Qurultayı milli mədəni inkişafın formalaşmasında mühüm rol oynadı. Qurultayda M.Ə.Rəsulzadənin “Ərazi Muxtariyyəti” ideyası ilə çıxışı böyük maraqla qarşılandı. M.Ə.Rəsulzadə çıxışında dedi: “Rusiyanın idarə forması demokratik respublika olmalıdır. Yer kürəsinin altıda birini tutan, Kamçatkadan Qara dənizə qədər və Arxangelskdən İranla sərhədə qədər uzanan, 170 milyon əhalisi olan çoxmillətli bir dövlət bir mərkəzdən idarə oluna bilməz. Ona görə də Rusiya dövlətinin idarə forması Federasiya olmalıdır”. Onun irəli sürdüyü məhəlli muxtariyyət ideyası qurultayda 271 səsə qarşı 446 səslə qəbul edildi.

    Qeyd edək ki, 1917-ci ilin aprelində Qafqaz Müsəlmanlarının Qurultayında M.Ə.Rəsulzadə ilə N.Yusifbəyli hər iki təşkilatın (“Müsavat”la “Türk Ədəmi Mərkəziyyət”in) birləşdirilməsi qərarına gəlmişdilər. Əlavə edək ki, Qafqaz Müsəlmanları Qurultayına qədər də M.Ə.Rəsulzadə ilə N.Yusifbəylinin yaxın münasibətləri vardı. N.Yusifbəyli “Açıq söz” qəzetinə tez-tez gəlib gedərdi və bu iki şəxsiyyətin yaxınlığı, Azərbaycan istiqlalına eyni mövqedən yanaşmağı xalqımızın sonrakı taleyində mühüm rol oynadı. 1917-ci ilin iyun ayının 17-də M.Ə.Rəsulzadənin lideri olduğu “Müsavat”la N.Yusifbəylinin başçılıq etdiyi “Türk Ədəmi – Mərkəziyyət Partiyası”nın Birləşmə qurultayı keçirildi. Azərbaycan İstiqlalının 1918-ci ildə qazanılması baxımından bu çox mühüm idi.

    Türk Ədəmi Mərkəziyyəti Partiyası ilə Müsavat Partiyasının birləşmə qurultayı ( 1917-ci il ).
    Aşağı sırada:
    Məhəmməd Əmin Rəsulzadə (Müsavat, Partiyanın Lideri), Nəsib bəy Yusifbəyli (TƏMP Lideri), Abbasqulu Kazımzadə (Müsavat Partiyası)
    Yuxarı sırada: Tağı Nağıoğlu (Müsavat Partiyası), Məhəmməd Əli Rəsulzadə (Müsavat Partiyası), Mirzə Məhəmməd Axundzadə (TƏMP, Difainin gizli möhürü), Kərbəlayı Vəli Mikayıl oğlu (Müsavat Partiyası)

    Bu onunla bağlı idi ki, “Müsavat”ın Bakı və Bakı ətrafında, “Türk Ədəmi – Mərkəziyyət”in isə Gəncə və Gəncə ətrafında təsiri güclü idi. Beləliklə, hər iki təşkilatın birləşməsi nəticəsində istiqlal uğrunda çətin bir mübarizə aparan Ümumazərbaycan partiyası yarandı. M.Ə.Rəsulzadə isə partiyanın sədri seçildi. İki partiyanın birləşməsindən sonra Azərbaycanda güclü siyasi bir təşkilatın mücadilə dövrü başladı. “Müsavat”ın isə böyük nüfuza malik olduğunu 1917-ci ilin oktyabrında Bakı Sovetinə keçirilən yeni seçkilər də bir daha təsdiqlədi: “Müsavat 25 min seçicidən 10 min nəfərin – yəni bütün seçicilərin 40 faizinin səsini qazanmışdı. Halbuki, özləri üçün əlverişli şəraitdə keçirilən bu seçkilərdə bolşeviklər cəmisi 4 min seçicinin səsini toplaya bilmişdi. Bolşeviklərin lehinə Bakı şəhəri əhalisinin 15,4 faizi səs vermişdi. Belə gərgin şəraitdə “Müsavat” Partiyasının Bakıda ilk qurultayı keçirildi. Qurultay 1917-ci ilin oktyabrın 26-dan 31-dək davam etdi.

    1917-ci ilin iyununda “Müsəlman Demokratik Partiyası – Müsavat”la “Türk Ədəmi – Mərkəziyyət”in birləşmə qurultayından sonra bu keçirilən ilk rəsmi toplantı idi. Bu qurultayda “Türk Ədəmi-Mərkəziyyət Firqəsi Müsavat” öz proqramını elan etməli idi. “Müsavat” Partiyasının ilk bitkin sənədi məhz həmin proqram olmalı idi. Qurultay 76 maddədən ibarət partiyanın proqramını qəbul etdi. Partiyanın proqramında aşağıdakı məsələlər nəzərdə tutulurdu: 1. Dövlət və muxtariyyət. 2. Milli məsələlər. 3. Dini məsələlər. 4. Həqqi əhliyyət. 5. İqtisad və maliyyə işləri. 6. Torpaq məsələsi. 7. İşçi məsələsi. 8. Ədliyyə məsələsi. Muxtariyyət tələbi rəsmi şəkildə partiya proqramında öz əksini tapdı. “Müsavat”ın proqramında dövlət və muxtariyyət təşkilatı məsələsi dəqiq izah edilərək belə qoyulmuşdu: “Rusiya dövlətinin şəkli – idarəsi milli-məhəlli muxtariyyət əsası üzərinə qurulu qoşma xalq cumhuriyyətindən ibarət olmalıdır”. Qeyd olunmalıdır ki, beş yüzə qədər adamın iştirak etdiyi “Müsavat” Partiyasının birinci qurultayında otuz üç yaşlı Məhəmməd Əmin Rəsulzadə Mərkəzi Komitənin sədri seçildi. 1917-ci ilin sonlarına doğru Azərbaycanın siyasi həyatında böyük yüksəliş dövrü idi. Artıq milli hərəkatda üç cərəyan seçilirdi: milli demokratlar, sosialistlər və islamçılar. Xüsusi olaraq fərqlənən milli demokratlar Azərbaycanın inkişafını milli dövlətçilikdə görürdülər. Belə vəziyyətdə Zaqafqaziyadakı siyasi təşkilatlar da fəaliyyəti gücləndirdilər. 1917-ci ilin noyabr ayında Tiflisdə Zaqafqaziyadakı siyasi təşkilatların yığıncağı keçirildi və Zaqafqaziya Komissarlığı yaradılması qərara alındı. Həmin ilin noyabr ayının 14-də yaradılmış yeni hökumətin tərkibi elan edildi. 1918-ci ilin fevralından, Zaqafqaziya Seyminin ilk iclasından isə Azərbaycan siyasətçilərinin Zaqafqaziya istiqlalı uğrundakı mübarizəsinin yeni mərhələsi başlandı. Həmin ilin fevralın 23-də Tiflisdə Zaqafqaziyanın qanunverici orqanı – Zaqafqaziya Seyminin açılışı oldu. Seymdəki Azərbaycan fraksiyası 44 millət vəkilindən ibarət olub, “Müsavat”, “İttihad”, “Hümmət” və “Müsəlman Sosialist bloku”nu təmsil edirdilər. 1918-ci ilin martın 14-də keçirilən Trapezund Sülh Konfransında da Türkiyə nümayəndələri artıq Zaqafqaziya nümayəndələrindən respublikaların siyasi quruluşları haqqında qətnamə tələb edirdilər. Bundan əlavə, 1918-ci ilin mart hadisələri də Zaqafqaziya Seymindəki münasibətləri gərginləşdirdi və Azərbaycanın milli müstəqilliyi uğrundakı mübarizədə həlledici mərhələ sayıldı. Qeyd edək ki, on minə yaxın günahsız adamın ölümünə səbəb olmuş 1918-ci ilin mart hadisələri Azərbaycan tarixinin ən faciəli səhifələrindən idi. Qeyd olunmalıdır ki, Azərbaycan Xalq Cumhuriyyətinin mövcudluğu dövründə ermənilərin Azərbaycanda həyata keçirdikləri kütləvi terror və qırğınları öyrənmək məqsədi ilə ayrıca bir Fövqəladə Təhqiqat Komissiyası yaradılmışdı. 1918-ci ilin martın 29-da Bakı və Tiflis dəmiryolu bağlandığından şəhərdə qalan erməni silahlıları “Evelina” gəmisində Müsəlman diviziyasının bir neçə yüz əsgərini tərksilah etdikdə vəziyyət gərgin həddə çatmış və Qızıl Ordu dəstəsinə atılan təxribati güllədən sonra silahlı ermənilər dinc əhaliyə hücum edərək onları amansızcasına qırmışdı.

    M.Ə.Rəsulzadə yazırdı: “Bu hadisə ilə bolşeviklər bir çox vilayətlərdə yapdıqları qanlı əməliyyatı Bakıda da tətbiq edirdilər. Əmələ və füqəra hakimiyyəti naminə “Müsavat firqəsi millimüsəlman şurası”na elani-hərb edən “Bakı Soveti” erməni alayları ilə biliştirak 10 000 qərib müsəlmanı qətl etdi”. Minlərlə günahsız adamın ölümünə səbəb olan ermənilərin xəyanəti, törətdikləri qırğın haqda məlumat 1918-ci ilin aprelin 2-də Zaqafqaziya Seyminə çatdırıldı. Lakin Seymin bu qırğına laqeyd münasibəti azərbaycanlı nümayəndələrdə ciddi narazılıq doğurdu. Eyni zamanda Seymin gürcü-erməni çoxluğu Bakı Sovetinə ciddi təsir göstərmək istəmirdi. Bu münasibəti görən Seymin azərbaycanlı deputatları ayrı-ayrı partiyaları təmsil etsələr də, eyni mövqeyə gəlib birgə fəaliyyətə üstünlük verdilər. Mart hadisələri milli istiqlal mübarizəsinin nəinki məqsədində, eləcə də forma və vasitələrində keyfiyyət dəyişikliyi yaratdı. Bu hadisələrdən sonra fikir müxtəlifliyində olan azərbaycanlılar, gürcülər və ermənilərin Seymdə birgə fəaliyyəti getdikcə mümkün olmur, münasibətlərdə inamsızlıq yaranırdı. Qeyd edək ki, gürcülər və ermənilər Türkiyə ilə münasibətdə ciddi siyasi ziddiyyətdə idilər. Gürcülər Batum və Acarıstanın saxlanılması cəhdində olsalar da, buna nail olmaq üçün Qars və Ərdəhanı güzəştə getməyi lazım bilirdilər.  Türklərin isə Seym daxilindəki ziddiyyətlərdən məlumatları var idi. Odur ki, Zaqafqaziya hökumətinin Türkiyə ilə apardığı müharibə 8 gündən artıq çəkmədi. Türklər aprelin 15-də Batumu tutdular, eyni zamanda Qarsı mühasirəyə aldılar.

    Belə vəziyyətdə aprelin 19-da Seymə daxil olan Azərbaycan nümayəndələrinin birgə yığıncağında onlar Zaqafqaziyanın müstəqilliyini tələb etdilər. Azərbaycanlı nümayəndələr bildirdilər ki, əks halda onlar Azərbaycanın müstəqilliyi istiqamətində hərəkət edəcəklər. Tezliklə gürcülər və ermənilər türklərin əsas tələbinin yerinə yetirilməsinin – yəni Brest-Litovsk Müqaviləsi şərtlərinin və Zaqafqaziyanın müstəqilliyinin elanının vacibliyini dərk edib, müharibənin dayandırılması zərurəti qarşısında qaldılar. 1918-ci ilin aprelin 22-də Zaqafqaziyanın müstəqilliyi elan edildi.

    Lakin Zaqafqaziya Seymi daxilində ziddiyyətlər azalmır, getdikcə gərginləşirdi. Xüsusən, Almaniyanın da Zaqafqaziyada təsirinin artması, gürcülərin onlara meylini artırırdı. Zaqafqaziya Seymi daxilindəki narazılıqlar, Gürcüstanın Qafqaz birliyindən çıxıb, Almaniya himayəsinə keçmək istəyi artıq bu millətlərin birləşib bir orqanda fəaliyyət göstərməsini sual altına qoymuşdu. Mayın 25-də gürcülər Seymin buraxılması və Gürcüstanın müstəqilliyini elan etməsi qərarına gəldilər. 1918-ci ilin mayın 26-da Seymin sonuncu iclası keçirildi və onun fəaliyyəti dayandırıldı. Seymin fəaliyyəti dayandırıldıqdan sonra 1918-ci ilin mayın 27-də Zaqafqaziya Seyminin buraxılması ilə bağlı buraya daxil olan Azərbaycan nümayəndələrinin fövqəladə iclası keçirildi və iclas Azərbaycanın idarə olunması vəzifəsini öz üzərinə götürərək, Azərbaycan Müvəqqəti Milli Şurasını elan etdi. Sonra Milli Şuranın sədri seçkisinə başlanıldı. “Müsavat” Partiyası M.Ə.Rəsulzadənin sədrliyini irəli sürdü. “İttihad” Partiyası istisna olmaqla, qalan təşkilatların səsverməsi nəticəsində M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçildi. H.Ağayev və M.Seyidov Milli Şura sədrinin müavinləri seçildilər. Elə həmin iclasda Milli Şuranın doqquz nəfərdən ibarət icraiyyə orqanı yaradıldı, F.Xoyski icraiyyə orqanının sədri seçildi. İlk Azərbaycan hökumətinin təşkili F.Xoyskiyə tapşırıldı. Yaradılan ilk hökumət aşağıdakı tərkibdə idi: “Nazirlər Şurasının sədri və Daxili İşlər Naziri – F.X.Xoyski; Hərbi Nazir – Xosrov bəy Sultanov,Xalq Maarifi və Maliyyə Naziri – Nəsib bəy Yusifbəyli; Xarici İşlər Naziri – Məmməd Həsən Hacınski; PoçtTeleqraf və Yollar Naziri – Xudadat bəy Məlikaslanov; Əkinçilik və Əmək Naziri – Əkbər ağa Şeyxülislamov; Ədliyyə Naziri – Xəlil bəy Xasməmmədov; Ticarət və Sənaye Naziri – Məmməd Yusif Cəfərov; Dövlət Naziri – Cəmo bəy Hacınski. Mayın 28-də Milli Şuranın ilk iclasında (24 nəfərin iştirakı ilə) aşağıdakı məsələlər müzakirə edildi:

    1. H.Ağayevin Yelizavetpoldakı (Gəncədəki) son hadisələr barədə məlumatı;

    2. M.Ə.Rəsulzadənin Batumdan teleqramının və məktubunun oxunması;

    3. Seymin buraxılması və Gürcüstanın müstəqilliyini elan etməsi ilə əlaqədar Azərbaycanın vəziyyəti.

    Qeyd edək ki, Azərbaycan istiqlalının elan olunması günündə M.Ə.Rəsulzadə Tiflisdə deyildi. Səbəbi həmin hadisə ərəfəsində onun Batuma göndərilərək, orada türklərlə danışıqlar aparması idi. Çünki Müstəqil Qafqazın Batum danışıqlarına sülh heyəti göndərərkən (M.Ə.Rəsulzadə məhz bu heyətdə idi) “Azərbaycan siyasi firqələrinin birləşmiş iclasında” Nəsib bəy Yusifbəyli “Osmanlı dövlətindən yardım istəmək zərurətini” bildirmişdi. Azərbaycan istiqlalı elan olunandan sonra Zaqafqaziya hökumətinin Batumdakı sülh danışıqları aparan heyəti parçalandı. 1918-ci ilin iyunun 4-də “Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan Respublikası arasındakı dostluq müqavilə”sini Türkiyə dövləti adından Ədliyyə Naziri Xəlil Menteşə, Qafqaz cəbhəsinin Baş komandanı Vəhib Paşa, Azərbaycan hökuməti adından isə Xarici İşlər Naziri M.H.Hacınski və Milli Şuranın sədri M.Ə.Rəsulzadə imzaladı. Azərbaycan Respublikası nümayəndələrinin xarici ölkələrlə imza atdığı ilk sənəddə hər iki dövlətin - Osmanlı imperiyası və Azərbaycan hökuməti arasında “Siyasi, hüquqi, iqtisadi və intellektual zəmində mehriban dostluq münasibətləri bərqərar etməkdə qarşılıqlı surətdə razılığa gəlindiyi” bildirilirdi. İmzalanan sənədin birinci maddəsi belə idi: “Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında daima sülh və möhkəm dostluq olacaqdır”.

    Sənədin 4-cü maddəsində isə yazılmışdı: “Dinclik və asayişi möhkəmləndirmək, ölkənin təhlükəsizliyini təmin etmək üçün, əgər ehtiyac olarsa, Osmanlı hökuməti Azərbaycan Respublikasına hərbi yardım göstərməyi öz üzərinə götürür”. Azərbaycan hökuməti ən ağır və ən çətin şəraitdə məhz həmin müqavilə əsasında türk qoşunlarını Azərbaycana dəvət etmişdi. M.Ə.Rəsulzadə yazırdı: “Bütün Azərbaycan xəlqinin çar-çeşmlə bəklədiyi ümidə tərcüman olan bu müraciətimizdə Türkiyə heyətimürəxxəsəsi həmən müvafiqət cavabını verdi”. M.Ə.Rəsulzadənin başçılıq etdiyi Milli Şura Azərbaycanın bir müstəqil dövlət olaraq formalaşmasında həqiqətən böyük rol oynadı. Azərbaycan İstiqlal bəyannaməsinin altıncı maddəsində göstərildiyi kimi: “Azərbaycan idarəsinin başında Şurayi Milli” dururdu. Bu ərəfədə, iyunun 17-də Azərbaycan Respublikası nümayəndələrinin İstanbul Beynəlxalq Konfransına (orada – Almaniya, Avstriya, Macarıstan, Türkiyə, Bolqarıstan və Qafqaz – Gürcüstan, Azərbaycan, Ermənistan və Dağlılar İttifaqı nümayəndələri iştirak edirdi) göndərilməsi müəyyənləşdi. Konfransda iştirak etmək üçün M.Ə.Rəsulzadə, X.Xasməmmədov və A.Səfikürdskidən ibarət nümayəndə heyəti təsdiq edildi (Buraya əlavə dörd nəfər məsləhətçi və texniki heyət də daxil idi). Nümayəndə heyətinə konfrans iştirakçıları ilə siyasi, iqtisadi, maliyyə və hərbi məsələlərlə bağlı danışıqlar aparmaq və müqavilələr bağlamaq səlahiyyəti verilmişdi. 1918-ci il sentyabrın 15-də isə türk qoşunlarının və Azərbaycanın yeni yaranmaqda olan hərbi hissələrinin kəskin hücumu ilə Bakı şəhəri alındı. Şəhərin alınması uğrundakı döyüşlərdə çoxlu qurbanlar verildi. M.Ə.Rəsulzadə həmin günlərdə İstanbulda idi. O, yazırdı: “O dövrün Hərbiyyə naziri və Baş komandan vəkili bulunan Ənvər Paşa həzrətləri telefon edirdilər: – Əmin bəy, Bakı alındı! Bu qəsa xəbərin məndə tövlid etdiyi təsiri qabil deyil, təsvir edə bilmirəm. O təsiri hələ unuda bilmirəm”.

    M.Ə. Rəsulzadə Batumi konferansı, 1918-ci il (Soldan 2-ci Məhəmməd Əmin Rəsulzadə, 4-cü Məmmədhəsən Hacinski)

    Şübhəsiz ki, müstəqil Azərbaycan dövləti quruculuğu prosesində ilk uğurlu addımlardan biri Azərbaycan parlamentinin yaradılması oldu. Azərbaycan Parlamentinin yaradılması ilə bağlı Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə ciddi fəaliyyət göstərirdi. Onun imzası ilə 1918-ci il noyabr ayının 29-da Azərbaycan və rus dillərində “Bütün Azərbaycan əhalisinə!” müraciətnaməsi hazırlanmışdı. Müraciətnamədə deyilirdi: “Vətəndaşlar! Müharibə və zamanının fövqəladə əhvalını nəzərə alaraq tətil etmiş olan Azərbaycan Şurayi-Millisi iltizam-zaman ilə təkrar Azərbaycanın paytaxtı Bakıda toplandı. Şurayi-millinin ən əvvəl qəbul etdiyi qanun sırf Azərbaycan müsəlmanlarına məxsus olan Şurayi-Millini milli bir şəkildən çıxarıb da dövləti bir şəklə salmaq oldu. Bu ayın 19-da qəbul etdiyi qanunnaməyə görə Şurayi-Milli dekabrın 3-nə qədər 120 əzalıq bir Məclisi-Məbusan (Parlament) halına gələcəkdir.

    Bu məclisə azlıqda qalan millətlərdən nümayəndələr cəlb olunduğu kimi, məmləkətin vilayətlərindən də vəkillər çağırılmışdır. Bu surətlə yığılacaq məbusan irəlidə ümumi intixab üsulu ilə Azərbaycan Məclisi Müəssisanı yığışıncaya qədər yurdumuzun sahibi olacaq, onun müqəddəratını həll, hökumətini təşkil və mənafeyini müdafiə edəcək”. Parlamentin ilk iclasını M.Ə.Rəsulzadə giriş nitqi ilə açdı:

    “Möhtərəm Millət vəkilləri! Azərbaycan Milli Cumhuriyyətinin ilk parlamentosunu açmaq səadətinin, Siz möhtərəm millət vəkillərini təbrik etmək şərəfinin öhdəmə düşməsi ilə iftixar edirəm (alqışlar)... Əfəndilər, Rusiyada zühur edən böyük inqilab digər həqiqətlər arasında bir böyük həqiqəti dəxi elan etmişdi. Bu həqiqət millətlərin hürriyyət və istiqlal haqları idi...”.

    M.Ə.Rəsulzadənin Azərbaycan Parlamentindəki bu çıxışı dəfələrlə alqışlarla qarşılandı. Azərbaycan Parlamentində “Müsavat” Partiyasının bəyannaməsini təşkilatın lideri M.Ə.Rəsulzadə elan etdi. Həmin tarixi bəyannamədə göstərilirdi: “Bəli, artıq Azərbaycan ideyası barədə firqələrimiz arasında fikir ixtilafı yoxdur. Azərbaycan fikri millətin şüurunda yerləşmişdir. Üçrəngli əziz bayrağımız hamımızı siyasətcə birləşdirir. Azərbaycan istiqlalını müdafiə etmək hamımız üçün ortaq bir proqramdır. Ona görə firqələr Azərbaycan ideyasını propaqanda etməklə deyil, mövcud faktın siyasətən, hüquqən və xaricən müdafiəsilə məşğul olmalıdırlar”. Azərbaycan Parlamentində ən güclü fraksiya “Müsavat”la bitərəf demokratların birləşməsi idi. Bu fraksiyanın ümumi sayı 38 nəfər idi. Azərbaycan Parlamentinin işində M.Ə.Rəsulzadə böyük fəallıq göstərirdi. Parlament iclaslarında fəal iştirak edən M.Ə.Rəsulzadə başçılıq etdiyi “Müsavat” fraksiyasının fəaliyyət proqramları haqqında tez-tez məlumatlar verirdi. Bu məlumatlarda ümumi bir məqsəd qarşıya qoyulurdu – Gənc Azərbaycan Cumhuriyyətinin müstəqilliyi və ərazi toxunulmazlığı, milli və siyasi hüquqların qorunub saxlanılması, Azərbaycan xalqının qonşu dövlətlərlə dostluq əlaqələrinin yaradılması və möhkəmləndirilməsi respublikada hüquq-demokratik dövlət quruluşunun bərqərar edilməsi, geniş sosial islahatlar həyata keçirilməsi, ölkəni müdafiə edəcək güclü ordunun yaradılması. M.Ə.Rəsulzadə 1918-1920-ci illərdəki fəaliyyətində Azərbaycanın müstəqilliyi uğrunda qətiyyətlə mübarizə aparırdı.
    Qeyd edək ki, Azərbaycanın müstəqil dövlət olaraq beynəlxalq nüfuzunun artdığı bir zamanda 1920-ci ilin 27 Aprel işğalı baş verdi. 27 Aprel işğalının səbəblərini araşdırmadan qeyd etməliyik ki, M.Ə.Rəsulzadə milli, müstəqil dövlətimizin varlığı, qalıb yaşaması üçün bütün imkanlarını sərf etmişdi. Rusiyanın (istər çar, istərsə də sovet Rusiyası) daima təbii müttəfiqi olmuş ermənilər öz xəyanətkar mövqelərindən bu dəfə də qalmadı, 1920-ci ilin mart ayının 20-də Azərbaycan bölgələrinə hücuma keçdi. M.Ə.Rəsulzadə ermənilərin bu xəyanəti ilə bağlı yazırdı: “Bayram gecəsi – Novruz bayramı Şuşa şəhərinin yaxınlığında vaqe “Xankəndi” deyilən əsgəri qəsəbə bayrama məxsus bir zövq içində zabitan məhfəli - əsgəridə gecəyi keçirməklə məşğul... Bu əsnada ətraf köylərdə məskun erməni ustası bu gecəyi məxsus ehzar etdikləri süngülərlə mücəhhəz olduqları halda gecə ilən bir basqın icra ediyorlar”...

    Musavat Partiyasının 2-ci Qurultayı, 1919-cu il

    Bolşevik Rusiyası isə Azərbaycanı çoxdan işğal etməyə hazırlaşırdı. S.M.Kirov 1920-ci ilin martın 9-da A. Mikoyana göndərdiyi məktubda XI ordu ilə birgə hərəkət etmək haqqında göstərişlər verərək bildirirdi: “Kəşfiyyatı gücləndirin, bizə rəqibin (yəni – milli Azərbaycan Ordusunun) harada toplaşdığını bilmək lazımdır”. Qafqaz cəbhəsi İnqilabi Hərbi Şurası S.Q.Orconikidzenin başçılığı ilə 21 və 23 aprel tarixində XI Orduya Aprelin 27-də Azərbaycan sərhədini keçib bütün ərazini tutmaq əmrini vermişdi. Aprelin 27-də azərbaycanlı bolşeviklər gündüz saat 12-də Azərbaycan K(b)P MK, RK(b)P Ölkə Komitəsinin Bakı bürosu və Mərkəzi fəhlə konfransı adından Parlamentə 12 saatlıq ultimatum verdilər. Ultimatumu müzakirə etmək üçün yaradılan Parlament komissiyası ilə kommunistlər arasında gedən danışıqlardan sonra qərara alındı ki, bu məsələ Parlamentin fövqəladə iclasında müzakirə edilsin. Axşam saat 19.30-da Parlamentin fövqəladə iclasında M.Hacınski komissiya adından bildirdi ki, kommunistlərin ultimatumunun bütün şərtləri müsavatçıların lideri M.Ə.Rəsulzadə istisna olmaqla komissiya tərəfindən qəbul edilir. Parlamentin son iclasında səs çoxluğunu pozan “İttihad”la “sosialistlər”in birləşməsi idi. Çünki, “Müsavat” Parlamentdə 32 millət vəkili ilə, Müsavat mövqeli bitərəf qrup isə (başçısı F.Xoyski idi) 7 deputatla təmsil olunurdu. “İttihad” 11, “Sosialistlər” də 11 millət vəkilinə malik idilər. “Əhrar”ın təmsilçilərinin sayı 10 millət vəkili idi. Belə bir vəziyyətdə M.Ə.Rəsulzadə son dəfə olaraq parlamentin iclasında çıxış etdi. O, çıxışında dedi: “Əfəndilər, mötəcaziz bir ultimatum qarşısında qalmışıq. 

    Burada təslimdən bəhs edirlər. Fəqət əfəndilər, təslim nə demək? Kimə tərki mövqe edirik? Bizə deyirlər ki, hüdudunuzu keçən ordunun başında Nicati adında bir türk komandanı durmuşdur. Rusiyadan gələn bu mötəcaviz ordu təxmin edirlər ki, həyat və məmat mücadiləsində qalan Türkiyənin xilası üçün gedir. Yalandır. Gələn ordu rus ordusudur. Fərzən komandanı bir türk olsa da, yenə rusdur, istila ordusudur. Onun istədiyi 1914-cü il hüduduna qayıtmaqdır. Anadolu imdadına gedəcək bəhanəsilə yurdumuza girən bu işğal ordusu buradan bir daha çıxmaq istəməyəcəkdir. Qızıl Rusiya ilə anlaşmaq üçün hökuməti mütləq bolşeviklərə təslim ultimatumu qəbul etmək zillətinə qatlanmağa ehtiyac yoxdur. Bu mötəcavizanə ultimatumu rədd etməliyik...Sədr M.Y.Cəfərov verilən ultimatumu səsə qoydu, üç nəfər bitərəf qalmaqla hakimiyyət bolşeviklərə verildi. 1920-ci ilin Aprelin 27-də baş verən hadisələrdən sonra M.Ə.Rəsulzadə yaxın əqidə dostları ilə birgə gizli fəaliyyətə başladı. Parlamentdə hökumət təhvil verildikdən sonra M.B.Məmmədzadə ilə Ə.V.Yurdsevər M.Ə.Rəsulzadənin qaldığı mənzilə gedib, partiya liderindən məsləhətlər aldılar. M.Ə.Rəsulzadə ilə görüşdən sonra onlar Cəfər Cabbarlının (böyük yazıçı və dramaturq) şəhər kənarındakı evinə getdilər. M.Ə.Rəsulzadənin göstərişlərinə uyğun olaraq Cəfər Cabbarlı, Mirzə Bala Məmmədzadə, Əbdül Vahab Yurdsevər, Məmməd Sadiq Quluzadə və Məmməd Həsən Baharlıdan ibarət Müsavatın “Gizli Ümumi Mərkəzi” yaradıldı. Ə.V.Yurdsevər bununla bağlı yazırdı: “Partiya mərkəzi qurulduqdan sonra vəzifə bölgüsünə başlanılmış və komisiyaların təşkilinə keçilmişdi. Emin bəyin də razılığı ilə gizli təşkilatın başına M.B.Məmmədzadə gətirilmişdi. Müavini sifətilə Bakı Komitəsinin təşkili mənə tapşırılmışdı. Ümumi mərkəzin Baş katibliyinə isə Cəfər Cabbarlı seçilmişdi”. Azərbaycanın işğalının ilk günündən bolşeviklər qanlı üsullara əl atdı. Bu dövr Azərbaycanda bolşevik rejiminin ən təhlükəli zamanı idi. Yalnız: “1921-ci ilə ancaq hərbçilərdən 12 general, 27 albay və yarımalbay, 46 kapitan, ştabskapitan, poruçik və podporuçik, 146 proporşik, 266 nəfər başqa işçilər güllələnmişdi. 1920-ci ilin aprelin 28-dən 1921-ci ilin avqustuna qədər Azərbaycanda 48 000 (qırx səkkiz min) adam qırmızı terrorun qurbanı oldu”. M.Ə.Rəsulzadə yazırdı: “Azərbaycanın həqiqi diktatoru, cəlladbaşı Pankratov idi. Pankratovun əmri fövqündə bir əmr yox idi”. Pankratov XI Ordunun Siyasi şöbəsinin rəisi idi. Ümumiyyətlə isə bu dövrdə Azərbaycanda üç qanlı təşkilat fəaliyyət göstərirdi: 1) XI Ordunun Pankratovun başçılığında olan Xüsusi Şöbəsi – “Osobı otdel”; 2) Azərbaycan Çekası; 3) XI Ordunun inqilabi tribunalı. Bu təşkilatların içərisində ən qorxulusu “Osobı otdel” idi. Çünki “Osobı otdel” sorğusuz-sualsız istədiyi adamı güllələmək, öldürmək hüququna malik idi. Yalnız 1920-ci ilin avqustunda AK(b)PMK Siyasi Bürosunun iclasında XI Ordunun Xüsusi Şöbəsinə AK(b)MK Siyasi Bürosunun xəbəri olmadan heç bir ölüm hökmü çıxarmamaq təklifi verilmişdi. Azərbaycanda Pankratovun başçılığı altında olan “Osobı otdel”də isə çoxlu ermənilər fəaliyyət göstərir və imkandan istifadə edib azərbaycanlılardan qisas alırdılar. Lakin Sovet hakimiyyətinin basqı və təzyiqlərinə baxmayaraq M.Ə.Rəsulzadənin rəhbərliyində olan “Gizli Müsavat” təşkilatı xalq arasında ciddi fəaliyyət göstərirdi. Partiyanın Bakı təşkilatından sonra Gəncə, Qarabağ, Qazax və digər bölgələrdə güclü bölmələr vardı. Həmin dövrdə “Müsavat”ın gizli fəaliyyətinə rəhbərlik edənlərdən biri, tanınmış müsavatçı Ə.V.Məmmədzadə (Yurdsevər) yazırdı ki, Qızıl Ordu qüvvələri olmasa idi, “Gizli Müsavat” Azərbaycanın istənilən yerində sovet idarəsini devirə bilərdi.

    Bolşeviklərin işğalçı mahiyyətini anladıqca, xalqın etiraz müqaviməti artırdı. Tezliklə Azərbaycanı bürüyən silahlı üsyanlar bolşeviklərin ölkədə asanlıqla qala bilməyəcəyini sübut etdi. 1920-ci ilin mayın 21-də Tərtərdə başlanan ilk üsyan mayın   25-də Gəncədə daha böyük miqyas aldı. Bir həftəyə yaxın müddətdə Gəncədə sovet hökumətinin fəaliyyəti dayandırıldı. XI Ordunun güclü hərbi müdaxiləsindən sonra bolşevik əsgərlərindən 8500, Milli Ordumuzdan və mülki əhalidən isə 8000-13000-ə qədər adam həlak oldu. Hələ o zaman Bakını tərk etməyib Ramanada gizli yaşayan M.Ə.Rəsulzadə sonralar yazırdı: “Bu üsyan ibtida Gəncədə başladı. Çarizmin qəddar generalı Sisyanova parça-parça doğranıncaya qədər müqavimət göstərən Cavad xanın şəhəri bu dəfə də özünü göstərirdi”. Azərbaycanın digər bölgələrində də bolşeviklərə qarşı ciddi müqavimət göstərilirdi. Və getdikcə M.Ə.Rəsulzadənin gizli fəaliyyəti də qeyri-mümkün olurdu. Bakıda qalmağın təhlükəli olduğunu və daim axtarıldığını hiss edərək M.Ə.Rəsulzadə şəhəri tərk etməyi qərara aldı. Münasib yer olaraq Lahıcda qalmağa üstünlük verdi. Lahıca müsavatçı dostu Abbasqulu Kazımzadə ilə getdi. 

    Trabzon Zaqafqaziya Seymi (ikinci sıra, soldan beşinci)

    Əslən Lahıcdan olan digər dostu Ağabala Qasımov ona bu işdə böyük köməklik göstərdi. Lahıcda olduğu müddətdə M.Ə.Rəsulzadə istiqlal tariximizin öyrənilməsinə əvəzsiz bir töhvə bəxş edir: “Əsrimizin Səyavuşu”nu yazır. Lakin Lahıcda vəziyyət getdikcə gərginləşirdi. Onun ciddi izlənilməsi haqqında məlumatlar da çatdırılırdı. Təhlükədən sovuşmaq üçün müxtəlif evlərdə, əsasən də Məşədi Salman deyilən birisinin evində qalırdı. Tezliklə Lahıcdan çıxmaq məcburiyyətində qaldı. 1920-ci il avqustun 17-də M.Ə.Rəsulzadəni Lahıc yaxınlığındakı Qaraməryəmdə həbs edib Bakıya apardılar. M.Ə.Rəsulzadə həbsxanada olarkən keçmiş mübarizə dostu Stalin Bakıda onunla görüşdü və həbsxanadan azad etdirib, özü ilə birgə Moskvaya apardı. Moskvada o, bir müddət RSFSR Millətlər Komissarlığında çalışdı, sonra oradan Sankt-Peterburqa, Sankt-Peterburqdan Finlandiyaya, Finlandiyadan Türkiyəyə getdi.