M.Ə. RƏSULZADƏNİN EV MUZEYİ HAZIRDIR – 140 İLLİK YUBİLEYƏ ƏZİZLƏRİMƏ HƏDİYYƏ!
31 yanvar 1884-ci ildə Bakının Novxanı kəndində Azərbaycan Dövlətinin yaradıcılarından biri - Məhəmməd Əmin Rəsulzadə anadan olub. Azərbaycan Demokratik Respublikasının lideri və Milli Şuranın rəhbəri haqqında mən, Rəsulzadənin silahdaşları ilə yaratdığı Azərbaycan Respublikasının vətəndaşı olaraq, bu gün 31 yanvar 2024-cü ildə onun anadan olmasından 140 il ötəndən sonra nə deyə bilərəm? Mənim üçün Rəsulzadə tamamilə müstəsna qabiliyyətlərə malik olan birinci Azərbaycanlı idi, nəhəng yaddaşa malik, doyumsuz elmi marağı və qeyri-adi iş qabiliyyəti ilə seçilirdi. O, gəzən ensiklopediya idi desəm, düşünürəm ki, mənimlə onun yoldaşları razılaşardı. O yoldaşları ki, onların arasında böyük hörmət və işgüzar nüfuza malik idi. Sözsüz ki, onun əqli və iş üstünlüyü zəmanəsində də və elə bu gün də hiss olunur, halbuki Rəsulzadə özü bunu heç vaxt göstərmir, vurğulamırdı. Düşünürəm ki, birinci Azərbaycanlımız Rəsulzadədirsə, demək, bu Dövlətə və millətə ölüm yoxdur
|
|
və o əbədi yaşayacaq və inkişaf edərək çiçəklənəcək! Təşəkkür edirəm, əziz Məhəmməd Əmin bəy, bizə məmləkət yaratdığın üçün və bağışla bizi, hərdən sənə layiq davranışda bulunmuruq. Çox aydın bir xəbər oldu ki, Prezident İlham Əliyev görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinin qeyd olunması ilə bağlı Sərəncam imzaladı. Prezident Əliyev Rəsulzadənin fəaliyyətinə yüksək qiymət verərək, onu XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyət adlandırdı. Sərəncamda “Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmışdır” yazılmışdı.
M.Ə. Rəsulzadənin şəxsiyyəti, tərcümeyi-halının çox az məlum olan fəsilləri, fotoşəkilləri, arxiv sənədləri və əlbəttə ki, Azərbaycan Xalq Cumhuriyyəti liderinin şəxsi əşyaları ilə sözsüz ki, bütün dünya ictimaiyyəti tanış olmaq arzusundadır. Lakin təəssüf hissi ilə qeyd etməliyəm ki, bu günə qədər onun Vətənində belə bir ev muzeyi yaradılmayıb. Bu tarixi səhvi aradan qaldırmaq üçün tanınmış Azərbaycan tarixçisi, professor Solmaz xanım Tohidi-Rüstəmova tərəfindən “Rəsulzadə ev-muzeyi ictimai qrup” yaradılmasına baxmayaraq, illər boyu bu məsələ hələ də öz həllini tapmayıb. Bəndəniz də həmin qrupun üzvü olaraq, döymədiyimiz qapı qalmasa da, hələ də bu muzeyin açarını əlində tutan məmuru tapa bilməmişik. Türkiyə, İran, Polşa və dünyanın digər ölkələrdəki həmfikirlərimiz Rəsulzadənin şəxsi əşyaları və əvəzsiz materiallar və sənədləri bizim muzeyimizlə bölüşməyə hazır olsalar belə, bu məsələ hələ də həll olunmamış qalır.
Lakin yaşadığımız dövr və texnoloji sıçrayış bizə ləng və utanmaz məmurların izni olmadan belə həmin muzeyi yaratmağa imkan yaratdı. Beləliklə, “Rəsulzadə ev-muzeyi ictimai qrupu”muzun mücadiləsinin davamı olaraq, gözəl üzvümüz Nigar xanım Gözəlovanın ideyasını gerçəkləşdirərək ANS Şirkətlər Qrupu və ona daxil olan VMF Holdinq bu gün, Məhəmməd Əmin Rəsulzadənin 140-cı il dönümü yubileyində bütün dünyaya onun Virtual Ev-Muzeyini təqdim edir.
Virtual Ev-Muzeyi bir neçə bölmədən ibarətdir: burada Rəsulzadənin Bakı şəhərində AXC parlamentinin üzvü olan dövrdə ona dövlət tərəfindən verilən üçotaqlı mənzil, onun tərcümeyi-halı, şəxsi arxivi və əlbəttə ki, şəxsi əşyalar, rəsmlər, fotokolleksiyası var. Fotolara gəldikdə, mütləq qeyd etmək istəyirəm ki, ANS Şirkətlər Qrupununa daxil olan "ANS Press" informasiya agentliyinin (www.anspress.com) və "Balans" Rəqəmsal Bərpa Studiyasının əməkdaşları tərəfindən yüzə yaxın şəkil tam şəkildə bərpa olunub və muzey web-sayt şəklində internetdə dərc olunandan sonra geniş ictimaiyyətə istifadə üçün açıq olacaq, in şa Allah! Rəsulzadənin ev-muzeyinin məhz virtual olaraq internet resursları vasitəsi ilə fəaliyyət göstərməsinin öz üstünlükləri var: İnternet auditoriyasının əhatə dairəsi daha genişdir - bu, Rəsulzadənin şəxsiyyətinə marağın böyük olduğunu nəzərə alsaq, xüsusilə vacibdir. Bunu da vurğulamalıyam ki, ekspozisiyalar professor Solmaz xanım Tohidi-Rüstəmovanın təklifi ilə Rəsulzadənin əziz dostu və silahdaşı, bəstəkar Üzeyir Hacıbəyovun “Sənsiz” romansı ilə müşayiət olunmaqla muzey ziyarətçilərində əlavə emosional duyğular yaradacaq. Muzeyin web versiyası və saytı işlənib qurtarmaqdadır. Lakin bu ad günü biz Sizi, əziz Rəsulzadə irsini sevənləri, muzeysiz qoya bilməzdik. Yetər 140 il gözlədik! |
Vahid Mustafa yev
|
M.Ə Rəsulzadə Virtual Ev-Muzeyini Yaratdılar:
Milli Qəhrəman Çingiz Mustafayev adına Fond |
Layihə Rəhbəri & Art Direktor Elmi Məsləhətçi & Məzmun Redaktoru Proqramçı & Astar Tərtibatçısı Üzlüyün Tərtibatçısı Dizayner & Rəqəmsal Bərpaçı SEO Mütəxəssisi & İnzibatçı Mətn Redaktorları İnterfeyslərin Layihələndiricisi Dekor Dizaynerləri Video Mütəxəssis "M.Ə. Rəsulzadə Ev-Muzeyi" İctimai Qrup
|
Vahid Mustafa yev Solmaz Rustamova-Tohidi Zeynur Babayev Mübariz İsayev Ceyhun Şamilov Vladimir Polovinkin Sevda Həsənova Mehriban Məmmədova İlqar Tamiyev Vüqar Ağayev Firdovsiyyə Əhmədova |