Türkiyə dövləti isə yalnız 1931-ci ilə qədər azərbaycanlı mühacirlərin mətbuat orqanları nəşr etməsinə imkan yarada bildi. 1931-ci ildə SSRİ ilə Türkiyə arasında imzalanan müqavilədən sonra bu mümkün olmadı. Türkiyədə azərbaycanlı mühacirlərin nəşrlərinə qoyulan qadağadan sonra mühacirət mətbuatımızın Avropa dövrü başladı. Almaniyada (Berlində) və Polşada (Varşavada) mühacirlərimiz milli nəşriyyatlarını yaradıb fəaliyyətini davam etdirdilər. Qeyd edək ki, “Azərbaycan” jurnalının nəşri də M.Ə.Rəsulzadənin İkinci Dünya müharibəsindən sonra Türkiyəyə qayıdıb reallaşdırdığı mühüm xidmətlərindən biri idi. 1952-ci il aprelin 1-də o, “Azərbaycan Kültür Dərnəyi”nin orqanı olan “Azərbaycan” jurnalının ilk sayını nəşr etdirdi. Dərginin ilk nüsxəsinin üz qabığında bu sözlər yazılmışdı: “Birlik dirilikdir”, “Türkləşmək, islamlaşmaq, müasirləşmək”. Jurnalın üz səhifəsində Azərbaycanın xəritəsi verilmişdi. Jurnalın ilk sayında M.Ə.Rəsulzadənin Azərbaycanın tarixindən, ümumi vəziyyətindən bəhs edən yazısı verilmişdi: “Doğuda Xəzər dənizi, quzey Qafqaziya, Bakıda Gürcüstan ilə Ermənistan və güneydə İran ilə sərhəddir. Başı qarlı dağlarla, bəzi yerlərində okean səthindən aşağıda yerləşən burası türlü bitkilərlə, heyvanlar baxımından çox çeşidli bir mənzərəyə malikdir”. “Azərbaycan” jurnalı Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, adət və ənənələri ilə bağlı çoxlu sayda yazılar çap edirdi. M.Ə.Rəsulzadənin, M. B.Məmmədzadənin, Ə.V.Yurdsevərin, K.Odərin, M.Kəngərlinin, C.Ünalın, Ə. Qaracanın Azərbaycan həqiqətləri ilə bağlı yazıları böyük maraq doğururdu. “Azərbaycan” jurnalı bu günədək Ankarada nəşrini davam etdirməkdədir. Qeyd edək ki, M.Ə.Rəsulzadə Türkiyəyə qayıtdıqdan sonra əski legionçuların və mühacirlərin bir mərkəz ətrafına toplanmasını vacib sayırdı. Elə bu məqsədlə də o, 1949-cu ilin fevralın 1-də Ankarada “Azərbaycan Kültür Dərnəyi”ni yaratdı. Dərnəyin ilk toplantısında doktor İbrahim Bədəl Məhəmməd Əmin Rəsulzadənin yaradılan qurumun Fəxri Başqanı seçildiyini elan etdi. Qeyd edək ki, M. Ə. Rəsulzadə ömrünün sonuna qədər Dərnəyin Fəxri sədri olaraq qaldı. “Azərbaycan Kültür Dərnəyi”nin əvvəlinci maddələrində qeyd olunmuşdu: “Maddə 1. “Azərbaycan Kültür Dərnəyi” adı ilə bir dərnək qurulmuşdur. Dərnək siyasətlə məşğul deyildir. Mərkəzi Ankaradadır. Şöbəsi yoxdur. Maddə 2. Dərnəyin qayələri bunlardır: a) Azərbaycanı, onun tarixini, kültürünü araşdırmaq, işləmək və yaymaq; b) kitab, dərgi və qəzet olaraq çap etmək və mədəniyyət yığıncaqları tərtib etmək; c) möhtac Azərilərə maddi və mənəvi köməklik göstərmək”. “Azərbaycan Kültür Dərnəyi”nə 18 yaşını bitirmiş hər bir türk üzv ola bilərdi. Bundan ötrü Dərnək üzvlərindən ən azı iki adam ona zəmanət verməli idi. Birinci maddədə yazılmış “Dərnək siyasətlə məşğul deyildir” fikri M. Ə. Rəsulzadənin mürəkkəb bir şəraitdə Azərbaycanın müstəqillik mübarizəsini apardığını təsdiqləyirdi. İkinci Dünya hərbindən sonra isə mühacir təşkilatların birləşib antisovet mübarizə aparmasına getdikcə daha çox ehtiyac duyulurdu.
|
M.Ə.Rəsulzadə "Əqidə, amal və məsləki yolunda ölümünə hazır olub da nəfsini fəda edən kim olur-olsun böyükdür." (Sol tərəfdə)
|
Digər tərəfdən müxtəlif ölkələri təmsil edən ayrı-ayrı mühacir təşkilatlarının mövcudluğu və bəzi hallarda bu qrupların daxili çəkişmələrə meylliyi reallığa çevrilirdi. Bu illərdə bir neçə rus, gürcü, erməni, tatar təşkilatları ilə yanaşı iki azərbaycanlı təşkilatı da mövcud idi. Təşkilatlardan biri 1924-cü ildən fəaliyyət göstərən “Azərbaycan Milli Mərkəzi” idi. “Azərbaycan Milli Mərkəzi” İkinci Dünya hərbindən sonra Ankarada yerləşirdi və Milli Mərkəzin Başqanı M.Ə.Rəsulzadə idi. İkinci mühacir azərbaycanlı təşkilatı “Azərbaycan Milli Birlik Məclisi” adlanırdı. Təşkilat 1943-cü ildə Berlində yaradılmışdı. Təşkilatın rəhbəri Ə.Fətəlibəyli Düdənginski (sonradan rəhbər C. Hacıbəyli olmuşdu), Başqanlıq Heyətinin üzvləri isə Ceyhun Hacıbəyli, Əkbərağa Şeyxülislam idi. Hər iki təşkilat arasında çəkişmələr, ziddiyyətlər mövcud idi. Qeyd edək ki,bu illərdə M.Ə.Rəsulzadə çağdaş Azərbaycan ədəbiyyatının problemləri və tanınmış ədəbiyyat xadimlərimizin fəaliyyəti ilə bağlı da dəyərli məqalələr çap etdirdi. Şübhəsiz ki, özünün zəngin və çoxşaxəli fəaliyyətində belə bir ətraflı araşdırma ilə məşğul olması M.Ə.Rəsulzadənin Azərbaycan ədəbi prosesini diqqətlə izləməsindən irəli gəlirdi. M.Ə.Rəsulzadə 1950-ci ildə nəşr etdirdiyi “Çağdaş Azərbaycan ədəbiyyatı” əsərində Hüseyn Cavidin, Əhməd Cavadın, C. Cabbarlının və başqalarının yazılarındakı sətiraltı mənalarda milli ruha bağlılığın duyulduğunu bildirirdi. Böyük şair Hüseyn Cavidin yazılarında siyasi motivlərin güclü olduğunu vurğulayan M.Ə.Rəsulzadə yazırdı: “Məsələni sonradan başa düşən bolşeviklər pyesin göstərilməsini qadağan edirlər. “Sovet çörəyini yediyi halda tarixin pantürkist tiplərini idealizə etməyə cəsarət edən” şairə sovet tənqidçiləri atəş püskürürdülər”. 1953-cü ildə M.Ə.Rəsulzadə Azərbaycan İstiqlalının 35-ci ildönümü münasibəti ilə “Amerikanın səsi” radiosunda Azərbaycan xalqına müraciət etdi və bu müraciət səsyazma vala alınaraq bu günədək qorunub saxlanılmaqdadır. 27 Aprel işğalı və Azərbaycanın dünya dövlətləri tərəfindən tanınması (12 yanvar) münasibəti ilə də M.Ə.Rəsulzadə və digər mühacirlər “Qurtuluş”(“Azadlıq”) radiosu ilə Azərbaycan xalqına müraciətlər edirdilər. 1953-cü ildə M.Ə.Rəsulzadə “Azərbaycan Milli Mərkəzi”ni yenidən qurmuş, oraya gənc qüvvələri cəlb etmişdi. 1954-cü ilin sonlarında “Amerikan Kommunizm ilə Mücadilə Komitəsi”nin yeni Başqanı professor Kuneholt Ankaraya gəlib M.Ə.Rəsulzadə ilə görüşmüşdü.O,Komitənin Azərbaycanın istiqlalı məsələsinə diqqətli olduğunu ifadə edərək onun bu mübarizə önündə layiq olduğu yeri almasını istəmişdi. Bu yaxınlaşmanı qəbul edən M. Ə. Rəsulzadə Komitə ilə yaxın münasibətlər qurmuşdu. 1955-ci il martın 6-da Azərbaycan Milli Qurtuluş hərəkatının böyük ideoloqu M. Ə. Rəsulzadə Ankarada vəfat etdi. Ankara radiosu martın 7-də saat 22.45-də M.Ə.Rəsulzadənin vəfatı xəbərini bütün dünyaya yaydı.
|
M.Ə.Rəsulzadə ömrünün son günlərində, 1955-ci il
|