• menu
  • İlk müstəqil Azərbaycan dövlətini qurmuş Azərbaycan Milli Şurasının sədri, Azərbaycan  Cümhuriyyəti Məclisi Məbusanında (Parlamanında) aparıcı qüvvə olan Müsavat və bitərəflər fraksiyasının başçısı, Azərbaycanın istiqlal savaşını son nəfəsinədək mətinliklə aparmış böyük dövlət xadimi və azman siyasətçi, görkəmli alim və əvəzolunmaz jurnalist Məhəmmədəmin Rəsulzadə haqqında çoxlu əsərlər yazılsa da, təəssüf ki, onun dəqiq soyağacını yaratmağa indiyədək ciddi təşəbbüs göstərilməyib. 

    Doğrudur, bəzi kitab və məqalələrdə onun bir sıra qohumlarının adları çəkilib, ancaq  Rəsulzadənin əcdadlarını müəyyənləşdirmək istiqamətində heç bir sistemli araşdırma ilə qarşılaşmırıq. Bu boşluğu doldurmaq üçün arxivlərimizdə araşdırmalar apardıq. Əldə etdiyimiz nəticələr əsasında  qurduğumuz şəcərənin tamlığını iddia edə bilməsək də  hazırladığımız materialın doğruluğuna tam əminik. Soyların tarixinin aydınlaşdırılmasında ən etibarlı qaynaqların başında çar hökumətinin vergi  yığmaq məqsədiylə tərtib etdirdiyi əyal dəftərlərinin (rusca ona "kameralnoye opisaniye" deyilir) durduğu bütün genealoqların qəbul etdiyi gerçəklikdir.

    Bu üzdən biz də ilk növbədə işə əyal dəftərlərini incələməkdən başladıq. Azərbaycan Respublikası Tarix Arxivində (ARTA) saxlanılan bu dəftərlərlərdən Rəsulzadənin özündən öncəki üç  nəslini müəyyənləşdirə bildik.

    1832-ci ildə kollej qeydiyyatçısı Xotyanovskinin tərtib etdiyi Bakı əyalətinin əyal dəftərində Novxana kəndi ailələri siyahısında bu adları oxuyuruq: 

    "140-cı sıra - Məhəmmədtağı Kərbəlayı Əliəkbər oğlu - 30 yaş  [təxminən 1802-ci ildə anadan olub]
    Qardaşları: 1-ci Məhəmmədqasım - 20 yaş [təxminən 1812-ci ildə anadan olub]
                        2-ci Məhəmmədrəsul - 12 yaş [təxminən 1820-ci ildə anadan olub]
                        3-cü Əliəkbər - 6 yaş [təxminən 1826-cı ildə anadan olub]

    Bunlar əkinçilərdir. İldə 2 manat 50 qəpik vergi ödəyirlər."

    Sənəddə adı keçən Məhəmmədtağı Kərbəlayı Əliəkbər (bəzi qaynaqlarda "Əkbər" də adlandırılıb) Rəsulzadələr soyunun bizə bəlli olan ilk kişisidir. Məhəmmədqasım, Məhəmmədrəsul və Əliəkbər onun qardaşlarıdır. 6 yaşlı Əliəkbərin, atasının adını daşımasının səbəbi, bizcə, budur ki, atası vəfat edərkən (təxminən 1819/20-ci ildə) o, ana bətnində olub və bu səbəbdən ona atasının adı verilib. Ancaq sonrakı əyal dəftərlərində biz bu Əliəkbərin izini itirir, yerinə Məhəmmədrəsulun oğlu Əliəkbərlə (Məhəmmədəmin Rəsulzadənin atası) qarşılaşırıq. Dəftərlərdə adı "Ağa" kimi getmiş, hətta ölümünədək sənədlərdə bu cür ikili  adla xatırlanan şəxsin həyatda olan əmisinin adını daşıması Azərbaycan adət ənənələrinə uyğun olaraq mümkün deyil. Deməli, Kərbəlayı Əliəkbərin oğlu Əliəkbər 6 yaşından sonra ölüb, və qardaşının adını yaşatmaq istəyən Məhəmmədrəsul yeni doğulmuş oğluna onun adını qoyub.

     

    1-ci sənəd
    Hacının siyasi baxımdan etibarlılığı haqqındadır:

    "ŞƏHADƏTNAMƏ

    "Verilir bu şəhadətnamə Bakı uyezdinin (qəzasının) Novxanı qəryəsinin (kəndinin) kədxuda və seliski sudyaları (kənd hakimləri) tərəfindən ol xüsusda ki, məzbur qəryənin camaatından Bakı şəhərinin sakini Axund Hacı Molla Əliəkbər Hacı Molla Məhəmmədrəsul oğlu şəxsdir rəiyyətzadə və təvəllüd tapıbdır, atası Hacı Molla Məhəmmədrəsul Kərbəlayı Əliəkbər oğlu'nun mənkuheyi şər'iyyəsi (şəriətlə nikahda olan arvadı) Xanpəri Əliqulu qızı'ndan və heç vəqt podsud və islist təhtinə (mühakimə və istintaq altına) düşməyibdir və əlavə, Hacı Molla Əliəkbər məzkur Hacı Molla Ağa adıyla daxı adlanır. 

    Bu şəhadətnamənin istehkamından ötrü onu məmhur edirik (möhürləyirik) - 25 yanvar səneyi-1892.
    Kərbəlayı Niyaz vələdi-Məşədi Qoca - sudya 
    Hacı vələdi-Vəli - sudya
    Kərbəlayı Ağaməli vələdi-Məşədi Məhəmmədəli
    Kədxuda Cəfərqulu vələdi-Kərbəlayı Məhəmmədvəli

    Yuxarıda adları sadalanan şəxslər savadsız olduğuna görə mən Molla İbrahim vələdi-Molla Şıxməhəmməd Bakulı onların yerinə qol çəkdim". 

    Sənədə Bakı qəzası Novxana kənd məhkəməsinin və Bakı qəzası Novxana kəndi kəndxudasının möhürləri basılıb. Sənədə yapışdırılmış gerbli  markanın altında rusca 4 fevral 1892-ci il tarixi yazılıb.

     

    2-ci sənəd
    Hacı Əliəkbərin doğum şəhadətnaməsi:

    "ŞƏHADƏTNAMƏ


    Verilir bu şəhadətnamə Zaqafqasın Şiəməzhəb Müsəlmanlarının İdareyi Ruhaniyyəsindən ol xüsusda ki, Bakı quberniyasının və uyezdinin 
    Novxanı qəryəsinin sakini Hacı Molla Əliəkbər (Molla Ağa) Hacı Molla Məhəmmədrəsul  oğlu təvəllüd edibdir öz sülbi atası Hacı Molla Məhəmmədrəsul Kərbəlayı Əkbər oğlu'nun şər'i mənkuhəsi Xanpəri Əliqulu qızı'ndan və bu  halda təxminən qırx beş sinnindədir (yaşındadır) və təvəllüd etmək ili və ayı və günü məlum deyildir. 

    Filhəzə İdareyi-Ruhaniyyə bu şəhadətnaməni imza edib padşahlıq möhürüylə məmhur etdi.

    Yazıldı fevral ayının 3 - cü günündə 1892 - ci ildə Tiflis şəhərində.

    Bu şəhadətnamədən ötrü gerbovaya marka idarəyə yetişibdir. 

    Sədri-İdareyi-Ümurati-Ruhaniyyə, şeyxülislam: Axund Mirzə Həsən Tahirovun qolu

    Üzvhayi-İdareyi-Ruhaniyyə: Axund Mustafa Talıbzadənin qolu 
                                                 Axund Hacı Məhəmmədhəsən Mövlazadənin qolu".

     

    3-ci sənəd
    Hacı Molla Əliəkbərin imtahana buraxılış xahişnaməsi:

    "4 fevral 1892-ci il. Zaqafqaziya Şiə Ruhani İdarəsi axund dərəcəsi almaq üçün imtahana buraxılmasını xahiş edən Bakı şəh.

    Pirverdi məscidinin mollası  Hacı Molla Əliəkbər Hacı Molla Məhəmmədrəsul oğlu'nun təqdim etdiyi bu ərizəyə və sənədlərə baxaraq və təqdim edilmiş sənədlərin ruhani dərəcəsi almaq  istəyən şəxslərin imtahan verməsi qaydası haqqındakı təlimatın 3-cü bəndinin tələblərinə uyğunluğunu təsdiqləyərək

    MÜƏYYƏN
    ETDİ: adı çəkilən Hacı Molla Əliəkbər xahiş etdiyi imtahana buraxılsın, bundan ötrü imtahan günü Ruhani İdarəsinin iştirakı ilə bu fevral ayının 8-inə təyin edilməklə c-b Tiflis valisindən həmin günə öz nümayəndəsini göndərməsi xahiş edilsin, iştirak üçün Tiflis Valilik Şiə Məclisinin heyəti dəvət edilsin.

    Sədr, Zaqafqaziya şeyxül-islamı: Axund M[irzə] H[əsən] Tahirov

    Üzvlər: [Axund Yusif] Talıbzadə
                 Axund Məhəmmədhəsən Mövlazadə

    Katib:    (qol oxunmur)".

    Hacı Əliəkbərin sonralar Bakı qəzası Ruhani İdarəsinin üzvü seçilməsi ona 1892-ci ildə axundluq attestatı verilməsini təsdiqləyir. Bütün burayadək yazılanlardan Məhəmmədəmin  Rəsulzadəyədək olan üç nəsil az çox aydınlaşır.

     

    4-cü sənəd
    Ruhani İdarəsinə yazılmış farsca ərizədir. Aşağıda onun ana dilimizə çevirməsini veririk:

    "4 fevral 1892-ci il - № 910 - Zaqafqaziya Şiəməzhəb Ruhani İdarəsinə
                                                  Bakı şəhəri Hacı Pirverdi məscidinin mollası 
                                                  Axund Hacı Molla Əliəkbər Hacı Molla Məhəmmədrəsulzadədən

    ƏRİZƏ


    Ərz edirəm ki, Ruhani İdarəsi hüzurunda duagu xahiş edirəm ki, özüm üçün axundluq ləqəbindən (dərəcəsindən) ötrü imtahan verəm. Buna görə Novxana  kəndi kəndxudasının tərtib etdiyi bir nəsəbnamə tuğrasını (sənədini), Bakı qəzasının rəisinin 30 noyabrda verdiyi bəndənin xoşxasiyyət olması haqqında 5  saylı şəhadətnamə tuğrasını, təvəllüdüm haqqında Ruhani İdarəsinin fevral ayının 3-də iltifat buyurduğu 231 saylı şəhadətnamə tuğrasını icazənamədən ötrü  bir ədəd marka ilə birgə İdareyi-aliyyə hüzuruna təqdim edərək kəmali-ehtiramla təvəqqe edirəm ki, Ruhani İdarəsi həqiri imtahanda yoxlasın, hərgah  buraxılsam Ruhani İdarəsinin hüzurunda imtahanda bacarıqlı olacağam. Umudvaram ki, duagunu məyus etməyərək attestat tuğrasını iltifat buyuracaqsınız ki,  məyus və məhrum olmayım.
    1892-ci il fevral ayının 3-də.
    Mən, Bakı şəhəri Hacı Pirverdi məscidinin mollası:
    Axund Hacı Molla Əliəkbər Hacı Molla Məhəmmədrəsulzadə qol çəkdim."

    Bu sənədin arxasındaca rusca aşağıdakı məzmunda qeyd aparılıb:
    "Cənab Tiflis valisinə, 5 fevral 1892-ci il, № 257.
    Tiflis Valilik Şiə Məclisinə."

     

     

    Məhəmməd Əmin Rəsulzadənin Şəxsiyyət vəsiqasi

    Həyat yoldaşı Ümbülbanu Rəsulzadənin Şəxsiyyət vəsiqasi

    Qızı Xalidə Rəsulzadənin Şəxsiyyət vəsiqasi

    Oğlu Azər Rəsulzadənin Şəxsiyyət vəsiqasi