• menu
  •  

    “Yeni Qafqasiya” qəzeti

     

    Türkiyənin İstanbul şəhərində ayda iki dəfə nəşr edilən bu jurnalın Baş redaktoru M.Ə.Rəsulzadə idi. Bu jurnalın nəşri ilə Azərbaycan mühacirət mətbuatının əsası qoyulub.1923-cü ilin sentyabrın 26-dan 1927-ci ilin sentyabr ayının 15-nə qədər nəşr edilən jurnalda M.Ə.Rəsulzadənin imzalı və ya imzasız olaraq 215- dək yazısının çap olunduğu müəyyənləşib.

    M. Ə. Rəsulzadə mətbuat orqanlarının əsas proqram istiqamətlərini belə ümumiləşdirirdi:

    1. Milli dövlət ideyalarının təbliği və bərpası uğrunda mübarizə.

    2. Bolşevizmin tənqidi, Sovet hökumətinin müstəmləkə formalı siyasətinin ifşası.

    3. Ölkənin rus bolşevik işğalında qalan gündəlik, ictimai-siyasi fəaliyyətinin təhlili və dəyişən vəziyyətə uyğun mübarizə şüarlarını müəyyən edən təkliflərin irəli sürülməsi.

    4. Milli-inqilabi siyasət ruhunda olan radikal siyasi dünyagörüşünün inkişafı və yayılması.

    5. Sovet mətbuatının tənqidi və onunla polemika.

     

         
         

    “Azəri Türk” jurnalı

     

    Türkiyənin İstanbul şəhərində ayda iki dəfə çap edilib. 1928-ci ilin fevralın 1-dən nəşrə başlayan bu jurnal 1928-ci iln 15 noyabrına qədər çap olunub. M.Ə.Rəsulzadənin ümumi rəhbərliyi ilə çıxan bu jurnalın məsul redaktoru Məmməd Sadiq Aran idi. Jurnal 1928-ci ildə İstanbulda nəşrə başladı. Jurnalın abunə şəraiti belə idi: illiyi 200 quruş, altı aylığı 110 quruş, bir nüsxəsi 10 quruş, xaricdə bir nüsxəsi 10 quruş, jurnal on beş gündən bir çap olunurdu. Ədəbi-ictimai, elmi və siyasi, milliyyətçi bir məcmuə idi. Jurnalın məsul müdiri Məmməd Sadiq idi. Jurnalın baş məqaləsi “Tutacağımız yol” adlanırdı. Məqalənin müəllifi M.Ə.Rəsulzadə idi. O, yazırdı: “Gedəcəyimiz yol əski zaman şairlərinin iftixar etdikləri kimi “Rəhi-narəbdə” (getməyən yol) deyildir. Əksinə, bu yol çox müşkül və tikanlı olmaqla bərabər, gedilmiş şanlı bir yoldur. Bu haqq yolu və millət yoludur. Bir yol ki, müasir şərq hal-hazırda o yolla salih olmuşdur. Bir yol ki, sabit Rusiya imperatorluğu daxilində yaşayan məhkum millətlər, dəxi o yola girmişlərdir. Bir yol ki, milliyyət hədəfi istiqlaldır!”

         
         

    “Odlu Yurd” jurnalı

     

    1929-cu il martın 1-də M.Ə.Rəsulzadə daha bir mətbu orqanın – “Odlu Yurd”un nəşrinə başladı. Milli hərəkata güc verməyə, bolşevizmlə mücadiləni şiddətləndirməyə yönələn “Odlu Yurd” oxucuların böyük marağına səbəb oldu. Dərginin ilk sayında M.Ə.Rəsulzadənin “Çöhrəmiz” adlı məqaləsi çap olundu: “Odlu Yurd! Bu iki söz türkcə kəlmənin – “Azərbaycanın müqabil olduğunu söylərsək, məsələ yarı-yarıya anlaşılmış olur. Yarı-yarıya deyirik, çünki hal-hazırda bir deyil, iki Azərbaycan vardır: Rus istilasına rəhbərlik rolunu oynayan “qızıl Azərbaycan” ilə qəlbində hürriyyət və istiqlalın sönməz odunu daşıyan “milli Azərbaycan!”. Milli Azərbaycan bayrağı – işdə bizim çöhrəmiz!.. Milli hürriyyət uğrunda çarpışan, çalınmış istiqlalını geriyə almaq üçün çalışan bir millət çöhrəsi!” Məcmuanın "xidmət etdiyi fikirlər" olaraq adlandırdığı prinsipləri jurnalın ilk nömrəsinin ilk məqaləsinin sonunda aşağıdakı kimi açıqlanmışdır:

    1. "Odlu Yurd" milliyətçi, türkçü, xalqçı, radikal, cumhuriyyətçi və istiqlalçı bir məcmuadır.
    2. "Odlu Yurd" müstəqil Azərbaycan Xalq Cumhuriyyətinin məfkurəsini müdafiə edir.
    3. "Odlu Yurd" türk qövmlərini bir-birinə tanıdır, xüsusilə Türk dünyasının yeganə müstəqil və şərq radikalizminin müməssili Türkiyə Cumhuriyyətindəki islahat hərakatı barədə oxuyucularına məlumat verir.
    4. "Odlu Yurd" Qafqazın istiqlal və xülasəsini göz önündə tutur və bu məqsədlə Qafqazlıları ümumi düşmənə qarşı mübarizəyə çağırır.
    5. "Odlu Yurd" şərqin, xüsusən məzlum və məhkum türk xalqlarının istiqlal savaşını doğrultmaq və milli mücadiləsini yüksəltmək işi təbliğ olunacaqdır
         
         

    “Bildiriş” qəzeti

     

    1930-cu ilin 7 avqustunda nəşrə başlayan qəzetin ilk sayının imtiyaz sahibi A.Kazımzadə, məsul müdiri Kamal olmuşdur. Lakin qəzetin 45-ci sayından məsul müdir vəzifəsini B. Süleyman, 56-cı saydan etibarən isə Ümumi Nəşriyyat və Yazı İşləri müdirliyi M.B.Məmmədzadə tərəfindən yerinə yetirilmişdir. "Orhaniyyə" mətbəəsində nəşr ediən qəzet 37-ci sayından başlayaraq "Öztürk" mətbəəsində nəşr edilmişdir. Qəzet həftədə bir dəfə cümə axşamı 4 səhifədən ibarət olaraq nəşr olunurdu. Qəzetin son sayı 1931-ci il 10 sentyabr tarixinə aiddir. Dörd səhifəlik qəzetin birinci səhifəsində “Bildiriş” imzası ilə dərc olunan başlıqla yanaşı Rusiyada baş verən digər hadisələr, o cümlədən Azərbaycanla bağlı xəbərlərin əhəmiyyətindən bəhs edilərkən, ikinci səhifədən digər ölkələrə dair xəbərlər davam edirdi. Aşağı hissədə xarici ölkələrlə bağlı hadisələrə yer verilmiş, vaxtaşırı silsilə yazılar dərc olunmuşdu. Üçüncü səhifənin bir hissəsi Türkiyəyə həsr olunduğu halda, xatirə kitabının nəşrinə də cəhd edilmişdi. Dördüncü səhifədə Türk Dünyası xəbərləri və birinci səhifənin davamı olan xəbərlər yerləşirdi. Qəzet ilk sayından etibarən verdiyi sözə və məzmununa sadiq qalmağa çalışmışdı. Birinci sayda; “Sovet Rusiyasında”, “Amerikada GPU”, “Qafqazda siyasi vəziyyət”, “Son xəbərlər”, “Yeni rus-çin qarşıdurması?”, “İki ayda 18000 vəzifə” məqalələri dərc edilmiş və bir elan verilmişdir. Elanda “Solovkidə gördüklərim... Növbəti sayımızda Solovkinin maraq dairəsində olan gənc azərbaycanlı istiqlal fəalının maraqlı xatirələrini oxuyun!” cümlələri yer alırdı.

         
         
         

    “Azərbaycan” jurnalı

     

    1952-ci ilin aprelindən Türkiyənin Ankara şəhərində nəşrə başlayıb. M.Ə.Rəsulzadənin yaratdığı “Azərbaycan Kültür Dərnəyi”nin orqanı olaraq ayda bir dəfə yayımlanan “Azərbaycan” jurnalının Baş yazarı Feyzi Aküzüm, məsul redaktoru Əhməd Yaşad olsa da, jurnala ümumi rəhbərliyi M.Ə.Rəsulzadə edib. Jurnal bu gün də nəşrini Ankara şəhərində davam etdirir. “Azərbaycan” jurnalı Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, adət və ənənələri ilə bağlı çoxlu sayda yazılar çap edirdi. M.Ə.Rəsulzadənin, M. B.Məmmədzadənin, Ə.V.Yurdsevərin,
    K.Odərin, M.Kəngərlinin, C.Ünalın, Ə. Qaracanın Azərbaycan həqiqətləri ilə bağlı yazıları böyük maraq doğururdu. “Azərbaycan” jurnalı bu günədək Ankarada nəşrini davam etdirməkdədir.