Xalq Cümhuriyyəti dövründə hazırlanmış gerb layihəsi
|
Dövlət gerbi
Gerb, irs – sahibin, xalqın yaşadığı ərazinin, torpağının, millətin adətinin, dilinin yığcam şəkildə təcəssümüdür.
Dövlət gerbimizin təsviri belədir: çevrə formasında olan qalxanın üzərində dairəvi göy, qırmızı və yaşıl rəngin fonunda səkkiz guşəli ulduz verilmişdir. Ulduz təsvirinin mərkəzində isə Odlar Yurdunun simvolu olan od atəşi öz əksini tapmışdır. Şərq xalqlarında qalxan milli döyüş alətlərindən biri olub, qəhrəmanlıq simvoludur. Qərbdəkilərdən fərqli olaraq, şərq qalxanı dairəvi formadadır. Dövlət gerbinin həmin qalxan üzərində təsvir edilməsi Azərbaycanın Şərq dövləti olduğunu bildirməyə xidmət edir. Qalxanın içərisindəki dairəvi mavi, qırmızı və yaşıl rəng çalarları Azərbaycan bayrağında ifadə olunan türklüyü, müasirliyi və islamlığı təcəssüm etdirir. Qalxanın ortasında yerləşən səkkizguşəli ulduz günəşin simvoludur. Günəş (eləcə də, Ay) dünya heraldika sənətində "əbədi, daimi, sonsuz həyat" mənasındadır. Günəş simvolunun ağ rənglə verilməsi isə "əmin-amanlıq, sülhsevərlik, barış" mənalarını verir. Günəşin mərkəzində alov təsviri "Odlar Yurdu"nu – Azərbaycanı simvolizə edir. Ümumiyyətlə, alov gerbşünaslıqda tərəqqi, inkişaf rəmzi sayılır. Palıd yarpağı möhkəmliyi, sünbül isə bərəkəti bildirir.
|
|
Azərbaycanın himni
Dövlət himni sırf dövlət anlayışı ilə əlaqədardır, dövlətə məxsusdur, dövlətin rəmzi, simvolu kimi onun əsas atributlarından biridir. Dünyanın BMT tərəfindən tanınmış bütün dövlətlərinin öz himnləri vardır. Dövlət himni dövlət tərəfindən, onun qanunverici orqanı tərəfindən qəbul olunur. O cümlədən, Azərbaycan Respublikasının daim qürur hissi ilə qarşıladığımız, səsi qulaqlarımıza çatar-çatmaz ayağa duraraq dərin ehtiramla farağat halında dinlədiyimiz, habelə bəzilərimizin ( təəssüflər olsun ki, hamımızın deyə bilmərik) ucadan oxuduğumuz Dövlət himnimiz 27 may 1992-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul olunmuşdur. Dövlət himni həm də mahnıdır, konkret müəllifi olan şer mətni əsasında bəstələnmiş bəstəkar əsəridir. Bizim dövlət himnimizin sözləri tanınmış böyük şair Əhməd Cavadın, musiqisi isə ölməz bəstəkarımız Üzeyir Hacıbəyovundur.
|
|
“Açıq söz” qəzeti
İctimai-siyasi, ədəbi, gündəlik nəşr olaraq çap edilib. 1915-ci ilin oktyabrın 2-dən 1918-ci ilin sentyabrinadək çap edilib. Qəzetin redaktoru M.Ə.Rəsulzadə olub.Qəzet İlk dəfə olaraq türk ədəbi ləhcəsi ilə nəşr edilib. “Açıq söz” qəzetinin bütövlükdə 724 sayı buraxılıb. 1918-ci ilin mart hadisələrindən sonra qəzetin nəşri dayandı. Yalnız həmin ilin ortalarından Abdulla Şaiqin redaktorluğu ilə (M.Ə.Rəsulzadə o zaman Bakıda deyildi) yenidən nəşrini davam etdirdi. 1918-ci ilin sentyabrında (Bakının azad edilməsi dövründə) qəzetin 24 sayı çıxdı. “Açıq söz” qəzetində M.Ə.Rəsulzadənin imzalı məqalələrinin sayı 259-dan çoxdur. 200-ə qədər də imzasız məqaləsinin olduğu bildirilir.
|